BAKI, 11 iyul. TELEQRAF

Almaniyada keçirilən sorğuya əsasən, respondentlərin cəmi 18%-i kansler Fridrix Mertsin fəaliyyətindən razıdır.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Sorğu iştirakçılarının 74%-i Mertsin fəaliyyətini mənfi qiymətləndirib, 8%-i isə cavab verməkdə çətinlik çəkib. Almaniya hökumətinin ümumi fəaliyyətindən isə cəmi 17% razı qaldığını bildirib, 75% əks mövqe nümayiş etdirib, daha 8% isə qərarsız qalıb. Sorğu 1 003 nəfər arasında aparılıb.

INSA-nın rəhbəri Herman Binkert bildirib ki, sorğu iştirakçılarının dörddə üçü kansler və hökumətin fəaliyyətindən narazıdır. Onun sözlərinə görə, narazılar arasında hakim koalisiyaya daxil olan Xristian Demokrat və Xristian Sosial İttifaqları (CDU/CSU) blokunun, eləcə də Almaniya Sosial Demokrat Partiyasının (SPD) seçicilərinin əksəriyyəti də var.