BAKI, 5 iyul. TELEQRAF

Ukrayna orduda şəxsi heyət çatışmazlığını aradan qaldırmaq üçün xarici könüllülərə daha yüksək maaş və daha uzunmüddətli xidmət müqavilələri təklif etməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Business Insider" nəşri məlumat yayıb.

Məlumata görə, Ukrayna hökuməti piyada və hücum bölmələrində xidmət üçün 6 aydan 14 aya qədər müddəti əhatə edən yeni müqavilələr tətbiq edib. Döyüş əməliyyatlarında iştirak müddətindən asılı olaraq hərbçilərin aylıq gəliri orta hesabla 300 min qrivnaya, maksimum isə 460 min qrivnaya çata bilər.

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov bildirib ki, yeni şərtlər xarici vətəndaşlar üçün hərbi xidməti daha cəlbedici etməlidir. Onun sözlərinə görə, məqsəd piyada bölmələrində şəxsi heyətin 30-50 faizini xarici könüllülər hesabına formalaşdırmaqdır.

Nəşr qeyd edir ki, yüksək maaşlar yeni könüllülərin cəlb edilməsinə kömək etsə də, onların uzunmüddətli xidmətdə saxlanılması əsas problemlərdən biri olaraq qalır.

Könüllülərdən ibarət "Chosen" bölməsinin komandiri Rayan O'Liri bildirib ki, bir çox xarici döyüşçü altı aylıq müqavilə başa çatdıqdan sonra Ukraynanı tərk edir. Onun fikrincə, bu problemi həll etmək üçün xarici hərbçilərə Ukrayna vətəndaşları ilə bərabər xidmət və sosial təminat şəraiti yaradılmalıdır.

"Business Insider" yazır ki, 2022-ci illə müqayisədə xarici könüllülərin motivasiyası da dəyişib. Hazırda ideoloji səbəblərlə yanaşı, maliyyə şərtləri onların qərarında əsas rol oynayır.