BAKI, 5 iyul. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristerssonla telefon danışığında hava hücumundan müdafiənin gücləndirilməsi və Gripen qırıcılarının tədarükünü müzakirə edib.
Teleqraf xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram" hesabında məlumat paylaşıb.
O bildirib ki, əsas müzakirə mövzusu Rusiyanın ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumlarına qarşı hava hücumundan müdafiənin gücləndirilməsi olub.
"Təhlükəsizliyin artırılması üçün atıla biləcək addımları müzakirə etdik", - Ukrayna Prezidenti qeyd edib.
Zelenskinin sözlərinə görə, tərəflər Gripen qırıcılarının istifadəsi üçün infrastrukturun hazırlanması və pilotların təlimi istiqamətində işi davam etdirirlər. O, həmçinin Ukrayna ilə İsveç arasında Drone Deal formatında əməkdaşlığın sürdüyünü bildirib.
Tərəflər yaxın vaxtlarda yeni təmasların keçirilməsi barədə razılığa gəliblər.