BAKI, 5 iyul. TELEQRAF

Rusiya ordusu öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ukrayna ilə sərhəddə bufer zonasının yaradılması prosesini planlı şəkildə davam etdirir və bu istiqamətdə ciddi irəliləyişlər var.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremıl rəsmisi Ukrayna tərəfinin aktivliyini əsas gətirərək bu addımın məcburiyyətdən atıldığını bildirib:

"Vətəndaşlarımızın təhlükəsizliyini sığortalamaq üçün təhlükəsizlik zonası, yəni bufer zonası yaratmalı olacağıq. Bu zona planlı şəkildə qurulur. Qoşunlarımızın irəliləməsi baxımından artıq mühüm nəticələr əldə edilib. Heç kimdə şübhə olmasın ki, həmin zona təhlükəsizliyimizi tam təmin edəcək həcmdə və ölçüdə yaradılacaq".

Peskov cəbhədəki son vəziyyətə toxunaraq Konstantinovka yaşayış məntəqəsinin nəzarətə götürülməsini mühüm hərbi uğur adlandırıb:

"Qoşunlarımız irəliləyir və konkret nəticələr görürük. Konstantinovkanın azad edilməsi çox mühüm bir həddir. Bu, Kramatorsk və Slavyansk ümumi istehkam rayonlarının tam nəzarətə götürülməsi yolunda ən vacib addımdır".