BAKI, 5 iyul. TELEQRAF

Avropa Komissiyası Fransanın "SAFE" (Security Action for Europe) proqramı çərçivəsində istədiyi 16.2 milyard avroluq vəsaitin yalnız 15.1 milyard avrosunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Maliyyənin kəsilməsinə səbəb rəsmi Parisin özünün israr etdiyi sərt meyarlar olub. Fransa istehsal olunan məhsulların dəyərinin 65 faizinin Aİ-yə aid olmasını, üçüncü ölkələrin payının isə 35 faizlə məhdudlaşdırılmasını tələb edirdi. Lakin Böyük Britaniya tərəfdaşları ilə birgə idarə olunan fransız layihələri, xüsusilə "Storm Shadow/Scalp" raketlərini istehsal edən "MBDA" birgə müəssisəsi də bu sərt qaydaların qurbanı olub.

Böyük Britaniya proqramda iştirak üçün Parisin tələb etdiyi 6 milyard avrodan çox vəsaiti ödəməkdən imtina edərək Aİ ilə maliyyə sazişi imzalamayıb. Nəticədə britaniyalı tərəfdaşların yer aldığı Fransa layihələri meyarlara cavab vermədiyi üçün güzəştli kreditlərdən məhrum edilib.