BAKI, 22 may. TELEQRAF
“Viktor Orbanın rəhbərlik etdiyi Macarıstanın keçmiş hökuməti Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin inkişafında əsas maneə idi. Amma parlament seçkilərindən sonra Macarıstanda hakimiyyət dəyişikliyi ilə bu maneə aradan qaldırıldı”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
“İnanırıq ki, Macarıstandakı seçkilərdən sonra Orban hökuməti formasında əsas siyasi maneə aradan qaldırılıb. Artıq diplomatiyanın öz işini görə biləcəyi vəziyyətə çatmışıq”, - nazir vurğulayıb.
Andrey Sibiqa qeyd edib ki, bu gün Macarıstanın yeni xarici işlər naziri Anita Orbanla görüşüb.
Ukraynanın baş diplomatı bu görüşün nəticələrindən sonra danışıqlar klasterlərinin açılmasının mümkünlüyünə inamının artdığını bildirib:
“Klasterlərin rəsmi olaraq iyun ayında açılmasını güman edirik. Bu, bizim qəti mövqeyimizdir. İnanıram ki, avropalı tərəfdaşlarımız bizi dəstəkləyirlər. Bunun baş verməsi çox vacibdir, çünki bu, təkcə Ukrayna ilə bağlı deyil, həm də Avropanın maraqları ilə əlaqəlidir”.
Nazir əlavə edib ki, Ukrayna iyun ayında bütün altı danışıqlar klasterinin açılmasını istəyir.