BAKI, 20 may. TELEQRAF

Moldova Prezidenti Maya Sandu ölkəsinin 2030-cu ilə qədər Avropa İttifaqı (Aİ) üzvlüyünə hazır olacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, DW-yə verdiyi müsahibədə bildirib.

“Ölkəmin təhlükəsiz, azad dünyanın bir hissəsi olmasını istəyirəm. Rusiya təcavüzünə görə, xüsusən də bölgəmizdə kiçik ölkələrin məqsədlərini qoruyub saxlaması və onlara çatması getdikcə çətinləşir. Bu baxımdan, Aİ-nin bir hissəsi olmaq bizim üçün demokratiya olaraq yaşamaq strategiyasıdır. Ümid edirik, bu planı ən qısa zamanda həyata keçirə biləcəyik”, - dövlət başçısı deyib.

Sandu Moldovanın 2030-cu ilə qədər Aİ üzvlüyünə hazır olacağına əminliyini ifadə edib.

Moldova üçün Aİ yolundakı maneələrdən biri Rusiyanın işğal etdiyi Dnestryanı bölgə ilə bağlıdır.

Maya Sandu bu məsələ ilə əlaqədar qeyd edib:

“Əlbəttə, bu problemi həll etmək istərdik, tədbirlər görürük. İqtisadi və maliyyə sahələrində tədbirlər görürük. Dnestryanı bölgədəki insanlar Rusiyaya etibar edə bilməyəcəklərini gördülər, çünki Rusiya qışın ortasında qaz təchizatını dayandıranda enerji böhranı yaşadılar”.

Prezident əlavə edib ki, Moldova məsələni sülh yolu ilə həll etmək niyyətindədir.

Sandu həmçinin Rusiya Prezidenti Vladimir Putinin “Dnestryanı sakinlərinə Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilmiş proseduru haqqında” fərmanına da münasibət bildirib.

Onun fikrincə, vətəndaşlıq almaq istəyən hər kəs artıq bu fərmanla tanışdır: “Amma mən həm də insanların bu gün niyə Rusiya vətəndaşlığına sahib olmaq istədiklərini başa düşmürəm. Əksinə, Moldova pasportu olmayanların çoxu Moldova pasportu alıb. İnsanlar bu günlərdə Rusiya vətəndaşı deyil, Aİ vətəndaşı olmaq istəyirlər”.