BAKI, 18 may. TELEQRAF

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna üzrə Rusiya ilə mümkün danışıqlarda Aİ tərəfindən vasitəçi kimi iştirak edə bilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” Aİ mənbələrinə istinadla məlumat yayıb.

Adı çəkilməyən Aİ diplomatı nəşrə bildirib: “Təəssüf ki, o, (Kaya Kallas – red.) danışıqlar üzrə nümayəndələr siyahısından çıxıb”.

Nəşr həmçinin gələcək danışıqlarda Aİ-ni təmsil edə biləcək siyasətçilərin siyahısını açıqlayıb. Onların arasında Almaniyanın keçmiş kansleri (2005-2021) Angela Merkel, Finlandiya Prezidenti Aleksandr Stubb, Avropa Mərkəzi Bankının keçmiş rəhbəri (2011-2019) və İtaliyanın keçmiş baş naziri Mario Draqi də var. “Politico”nun mənbələri iddia edirlər ki, Norveç xarici işlər naziri Espen Bart Eyde və ya Hindistan xarici işlər naziri Subramanyam Cayşankar da vasitəçi kimi çıxış edə bilər.