BAKI, 9 may. TELEQRAF
Türkiyənin yeni qitələrarası ballistik raketi “Yıldırımhan”ın təqdimatı mübahisələrə səbəb olub. Süni intellektdən istifadə edərək hazırlanmış təqdimat çarxında raketlə ABŞ ərazisinə zərbə endirilməsi kadrı yer alıb.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
“Yıldırımhan” raketi İstanbulda keçirilən SAHA 2026 müdafiə sərgisində nümayiş etdirilib.
Məlumata görə, raket 3000 kq-lıq döyüş başlığı ilə səsdən 25 dəfə çox sürətlə 6000 km məsafəni qət edə bilir.
“Biz bundan yalnız çəkindirmə məqsədləri üçün istifadə etmək niyyətindəyik. Amma ehtiyac yaranarsa, heç kimin şübhəsi olmasın ki, tərəddüd etmədən və ən effektiv şəkildə bundan istifadə edəcəyik”, - Türkiyə müdafiə naziri Yaşar Gülər bildirib.
Nəşr Türkiyənin son illərdə kifayət qədər böyük silah ixracatçısına və Avropanın yenidən silahlanma prosesində əsas tərəfdaşa çevrildiyini də yazıb. Avropa Ukraynaya silah tədarükü və tükənmiş müdafiə ehtiyatlarını bərpa etməkdə çətinlik çəkərkən, Türkiyə zirehli texnikalar, döyüş gəmiləri, dronlar və sursatlar istehsalı və satışında böyük sıçrayış əldə edib.
Mənbə xatırladıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Selçuk Bayraktarın rəhbərlik etdiyi “Baykar” dron istehsalında dünya liderlərindən biridir və İtaliyanın “Leonardo” şirkətinin birgə müəssisədəki tərəfdaşıdır.
Keçən il İspaniya “Airbus” ilə tərəfdaşlıq çərçivəsində döyüş pilotlarını yetişdirmək üçün “Turkish Aerospace”dən 30 “Hürjet” təyyarəsi alıb.