BAKI, 3 may. TELEQRAF
Almaniya Müdafiə Nazirliyi 2022-ci ildən bəri ölkənin silahlı qüvvələrinin ehtiyacları üçün ayrılmış 111 milyard avro vəsaitin hansı istiqamətlərə xərcləndiyini izah edə bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə "Berliner Zeitung" (BZ) qəzeti məlumat yayıb.
Nəşrin verdiyi xəbərə görə, aprelin 27-də nazirlikdə keçirilən mətbuat konfransı zamanı quruma 2022-ci ildən bəri satın alınan hərbi texnikanın miqdarı və onların 1 aprel 2026-cı il tarixinə istismara hazırlıq vəziyyəti ilə bağlı sual ünvanlanıb. Nazirliyin mətbuat katibi Natali Yenninq bu barədə konkret məlumat təqdim edə bilməyib. O, bu növ uçot cədvəllərinin aparılmasını bürokratik baxımdan "mənasız fəaliyyət" adlandırıb.
Bundestaqın deputatı Ditmar Barç yaranmış vəziyyətə kəskin etirazını bildirərək, alman vergi ödəyicilərinin vəsaitlərinin "yoxa çıxması" ehtimalından ciddi narahat olduğunu ifadə edib.
Xatırladaq ki, 2022-ci ildə Almaniyanın o zamankı kantsleri Olaf Şolts ölkənin silahlı qüvvələri üçün 100 milyard avro məbləğində xüsusi fondun yaradıldığını elan etmişdi.