BAKI, 3 may. TELEQRAF
Ukrayna ordusu Rusiyanın "kölgə neft donanması"na qarşı növbəti hərbi əməliyyat keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb.
Məlumata görə, Novorossiysk limanının giriş akvatoriyasında Rusiyaya məxsus iki tanker vurularaq sıradan çıxarılıb. Dövlət başçısı bu gəmilərin neft daşınmasında aktiv istifadə edildiyini, lakin aparılan əməliyyat nəticəsində artıq fəaliyyət göstərə bilməyəcəklərini vurğulayıb.
V. Zelenski uğurlu əməliyyata görə Baş Qərargah rəisi Andriy Qnatova, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əks-kəşfiyyat bölmələrinə və Hərbi Dəniz Qüvvələrinə minnətdarlığını bildirib.
Prezident Ukraynanın hərbi potensialının daha da genişləndiriləcəyini qeyd edib: “Ukraynanın uzaqmənzilli zərbə imkanları dənizdə, səmada və quruda hərtərəfli inkişaf etdiriləcək”.