BAKI, 21 aprel. TELEQRAF

Rəsmi Varşava Bratislavanın Slovakiya Baş naziri Robert Fitsonun təyyarəsinin mayın 9-da Qələbə Günü paradında iştirak məqsədilə Moskvaya uçuşu üçün Polşanın hava məkanından istifadə etməsinə icazə verilməsi ilə bağlı sorğusunu nəzərdən keçirməyə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Slovakiya Baş naziri bundan əvvəl Latviya və Litvanın ona müvafiq icazəni vermədiyini açıqlayıb. Estoniya xarici işlər naziri Marqus Tsaxna da oxşar açıqlama verib. Fitso alternativ marşrut tapılacağını bildirib.

Oxşar vəziyyət ötən il Estoniya, Latviya və Litvanın Slovakiya Baş nazirinin təyyarəsinin Rusiyaya uçmasına icazə vermədikdə də yaranmışdı.