BAKI, 19 aprel. TELEQRAF

"Türkiyə Rusiya və Ukrayna liderləri ilə təmaslarında münaqişənin həlli üçün danışıqları təşkil etməyə hazır olduğunu dəfələrlə bəyan edib".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun bağlanışına həsr olunmuş mətbuat konfransında deyib.

"Cənab Putin və cənab Zelenski ilə görüşlərimizdə bu cür danışıqlara ev sahibliyi etməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Yəni Türkiyə hər zaman liderlər səviyyəsində danışıqları təşkil etməyə hazırdır və biz texniki səviyyədə də müzakirələr aparmağa razıyıq. Bizim bununla bağlı heç bir problemimiz yoxdur. Əvvəllər olduğu kimi, yenə də eyni şəkildə hərəkət etməyə hazırıq", - deyə o vurğulayıb.

XİN başçısı əlavə edib ki, rəsmi Ankara eyni zamanda digər ölkələrdə aparılan bütün sülh danışıqlarını dəstəkləməyə də hazırdır: "Təki sülh bərqərar olsun. Yaxşılıq kimin tərəfindən gəlirsə-gəlsin, o, yaxşılıqdır və hörmətə layiqdir".