BAKI, 12 aprel. TELEQRAF
Macarıstanda keçirilən parlament seçkilərində seçici fəallığı əvvəlki illərin rekordlarını qıraraq, yerli vaxtla saat 11:00-a olan məlumata görə 37,98% təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə səsvermənin təşkilinə məsul olan Milli Seçki Bürosu (NVI) məlumat yayıb.
Büronun rəsmi saytında dərc olunan diaqram göstərir ki, səhər saat 09:00-da səsvermə hüququ olan vətəndaşların 16,89%-i seçki məntəqələrinə gəldiyi halda, cəmi iki saat sonra bu göstərici iki dəfədən çox artıb.
Yerli KİV-lərin məlumatına görə, hazırkı aktivlik 2022-ci ildə keçirilmiş əvvəlki parlament seçkiləri ilə müqayisədə xeyli yüksəkdir. Xatırladaq ki, həmin vaxt yekun seçici fəallığı təxminən 70% olmuşdu.
Mövcud mürəkkəb vəziyyət fonunda builki aktivliyin daha böyük olacağı proqnozlaşdırılır. Belə ki, hökumət və müxalifət arasında Ukrayna münaqişəsi, Avropa İttifaqı ilə münasibətlər və Rusiya ilə əməkdaşlıq kimi mühüm mövzularda ciddi fikir ayrılıqları mövcuddur. Hər iki tərəf seçkilərin həlledici əhəmiyyət kəsb etdiyini bəyan edərək tərəfdarlarını səsvermədə fəal iştirak etməyə çağırıb. Eyni zamanda, hər bir partiya yüksək fəallığın məhz onların qələbəsi ilə nəticələnəcəyinə inanır.
Qeyd edək ki, Macarıstan qanunvericiliyinə əsasən, seçkilərin baş tutmuş hesab edilməsi üçün minimal fəallıq həddi (limit) nəzərdə tutulmayıb. Səsvermə neçə nəfərin iştirak etməsindən asılı olmayaraq etibarlı sayılacaq.
***
11:34
Bu gün Macarıstanda ölkənin yeni hökumətini formalaşdıracaq parlament seçkiləri keçirilir.
Teleqraf xəbər verir ki, əsas mübarizə Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi "Fides – Macarıstan Vətəndaş Birliyi" və Peter Magyarın lideri olduğu müxalif "Tisya" (Tisza) partiyası arasında cərəyan edir.
Macarıstanın Baş naziri Viktor Orban artıq səsvermə hüququndan istifadə edib. O, ənənəsinə sadiq qalaraq, Budapeştin 12-ci rayonunda, evinin yaxınlığındakı ibtidai məktəbin binasında yerləşən seçki məntəqəsinə gəlib. Baş naziri səsvermə zamanı həyat yoldaşı Aniko Levai müşayiət edib.
Seçki marafonu tərəflərin kəskin fərqlənən platformaları ilə yadda qalıb. Baş nazir Viktor Orban Qərbin Ukraynaya dəstəyini dayandırmağın tərəfdarı olduğunu və Macarıstanın Avropa İttifaqından çıxması (Huxit) ehtimalını belə eyham edib.
Onun əsas rəqibi, Brüsselin dəstəklədiyi avropapərəst siyasətçi Peter Magyar isə fərqli vədlərlə çıxış edir. "Tisya" partiyasının lideri ölkədə korrupsiya ilə amansız mübarizə aparacağını və Macarıstanı yenidən tammiqyaslı Avropa inkişaf yoluna qaytaracağını vəd edib.
Macarıstan parlamentindəki 199 deputat yeri uğrunda mübarizə aparılır. Onlardan 93-ü partiya siyahıları, 106-sı isə birmandatlı dairələr üzrə müəyyən edilir. Hakim "Fides" və onun kiçik tərəfdaşı olan Xristian-Demokrat Xalq Partiyası (XDNP) koalisiyasına qarşı müxalifət blok şəklində deyil, əsasən "Tisya" partiyası ətrafında birləşib.
Proqnozlara görə, 5 faizlik baryeri aşaraq parlamentə düşmək şansı olan digər bir qüvvə Laslo Torotskainin rəhbərlik etdiyi sağ radikal "Bizim Vətənimiz" partiyasıdır.
Səsvermənin ilkin nəticələrinin axşam saatlarında açıqlanacağı gözlənilir.