BAKI, 5 aprel. TELEQRAF

Serbiya ilə Macarıstanı birləşdirən strateji qaz kəmərinin yaxınlığında partlayıcı maddə aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanın Baş naziri Viktor Orbanı məlumatlandırıb.

Baş vermiş hadisə ilə əlaqədar Viktor Orban ölkənin Müdafiə Şurasının təcili iclasını çağırıb. Məlumata görə, iclas bu gün günortadan sonra keçiriləcək və yaranmış təhlükəsizlik riskləri müzakirə olunacaq.

Sözügedən qaz kəməri Rusiyadan gələn karbohidrogen ehtiyatlarının nəqli üçün nəzərdə tutulub və hər iki ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Partlayıcı maddənin tapılması regionun enerji infrastrukturuna qarşı mümkün diversiya cəhdi kimi qiymətləndirilir.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və hadisənin təfərrüatları araşdırılır.