BAKI, 2 aprel. TELEQRAF

ABŞ Qrenlandiyadakı üç hərbi bazaya çıxışla bağlı Danimarka ilə danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Danışıqlara ABŞ tərəfindən Silahlı Qüvvələrin Şimal Komandanlığının rəhbəri general Qreqori Qilot aparır. O, martda Konqresdə keçirilən dinləmələr zamanı bildirmişdi ki, ABŞ ordusu Qrenlandiyaya artan təhlükəni və onun strateji əhəmiyyəti nəzərə alınmaqla, ada boyunca müxtəlif bazalara çıxışı genişləndirmək istəyir.

Şimal Komandanlığının sözçüsü Tereza Medouz deyib ki, Qrenlandiyanın cənubundakı dərin su limanı Narsarsuaq və cənub-qərbdəki böyük təyyarələri qəbul edə bilən uzun uçuş-enmə zolağına malik Kanqerlussuaq şəhərləri araşdırılır. Hər iki baza İkinci Dünya müharibəsi və Soyuq müharibə dövrlərində ABŞ bazaları olub, amma 1950-ci illərdə Danimarka və Qrenlandiya hökumətlərinə təhvil verilib. Hər iki bazada hələ də kiçik, işlək hava limanları olsa da, hərbi infrastrukturunun böyük hissəsi sökülüb.

Genişləndirmə planı gizli saxlanılır. Pentaqon adaya nə qədər əsgər göndəriləcəyini dəqiqləşdirməyib.

1951-ci il müdafiə müqaviləsinə və onun 2004-cü il tarixli yenilənməsinə əsasən, ABŞ hərbi mövcudluğunda hansısa ciddi dəyişiklik etməzdən əvvəl Danimarka və Qrenlandiya hakimiyyətləri ilə məsləhətləşməli və məlumat verməlidir. Ekspertlərin fikrincə, bu, ABŞ-nin adada istədiyi hər şeyi edə biləcəyi deməkdir.