BAKI, 1 aprel. TELEQRAF

“Rusiya aprelin sonunu Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərinin işğalı üçün son tarix olaraq müəyyən edib”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 11-ci Ordu Korpusunun sözçüsü Dmitro Zaporojets açıqlama verib.

Onun sözlərinə görə, Rusiya Konstantinovkanı aprelin 25-dək ələ keçirmək istəyir, amma Ukrayna ordusu bu vaxt çərçivəsini real hesab etmir.

Zaporojets qeyd edib ki, Rusiya qoşunları birbaşa şəhərə daxil olmağa çalışırlar: “Bir tərəfdən bu, onlara şəxsi heyəti gizlətmək imkanları verir, digər yandan da şəhər döyüşləri aparmağa məcbur edir ki, bu da irəliləməni xeyli ləngidir. Hazırda isə cinahlardan manevrlər düşmənə uğur gətirmir. Düşmən bu templə məqsədinə ancaq oktyabra qədər çata bilər”.