BAKI, 10 mart. TELEQRAF
Polşa Baş naziri Donald Tusk yenidən ölkənin hakim “Vətəndaş Koalisiyası” Partiyasının sədri vəzifəsinə seçilib.
Teleqraf xəbər verir ki, bu barədə Seym (parlamentin aşağı palatası) sədrinin müavini Dorota Niedziela məlumat verib.
O bildirib ki, Donald Tusk səsvermədə 97 faizlik nəticə göstərib.
Partiya rəhbərliyi seçkilərində səsvermə hüququ olan “Vətəndaş Koalisiyası” üzvlərinin ümumilikdə 78 faizi iştirak edib.
Əvvəlki partiya rəhbərliyi seçkiləri 2021-ci ilin oktyabr ayında baş tutmuş, Tusk “Vətəndaş Koalisiyası” üzvlərindən səslərin 97,4 faizini alaraq qalib gəlmişdi.