BAKI, 21 yanvar. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin 20 ildən çoxdur NATO-nu sarsıtmağa çalışır. İndi isə ABŞ Prezidenti Donald Tramp Qrenlandiyaya nəzarəti ələ keçirməyə can atdığı vaxtda Rusiya lideri alyansın üzləşdiyi problemləri qələbə hissi ilə izləyir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov Donald Trampın ABŞ bunu etməsə, Moskvanın adanı ələ keçirəcəyi barədə iddiasını rədd edərək bildirib ki, onların belə planları yoxdur. Amma o, ABŞ-nin adanı ələ keçirmək istəyini müsbət qarşılayıb və Qrenlandiyanı Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi ilə müqayisə edib.

WSJ-yə görə, bu açıqlamalar bəzi Avropa liderlərinin Trampın Qrenlandiyanı ələ keçirmək qərarının beynəlxalq hüquq normalarını sarsıdacağı və Putini Ukrayna və Şərqi Avropada daha da cəsarətləndirə biləcəyi ilə bağlı narahatlıqlarını əks etdirir.

“Bu, Şimali Amerika ilə Avropanı bir-birindən ayıran fövqəladə vəziyyətdir. Görünür, Rusiya arxayın-arxayın oturub və düşünür ki, Milad hələ bitməyib”, - Böyük Britaniyanın Moskva və Kiyevdəki keçmiş hərbi attaşesi Con Forman nəşrə deyib.

O vurğulayıb ki, Rusiyanın NATO-nun problemlərindən duyduğu sevinc Trampın sonda Qrenlandiyaya nəzarəti ələ keçirərək, ABŞ-nin Arktikadakı mövcudluğunu genişləndirməsi ehtimalı ilə kölgədə qalır. Amma yaxın perspektivdə Qrenlandiya uğrunda mübarizə Moskvanın uzun müddətdir təhlükə kimi gördüyü alyansın daxilində qeyri-sabitlik yaradır. Putinin Ukraynaya müdaxiləsi qismən Kiyevin NATO-ya üzv olmasının qarşısını almağa yönəlmişdi. O vaxtdan bəri Avropa liderləri Moskvanı qitədə “kölgə müharibəsi” aparmaqda, o cümlədən PUA-larla hücum və Qərb cəmiyyətlərində sabitliyi pozmaq üçün məqsədi daşıyan sualtı kabellərin kəsilməsi kimi əməllərdə ittiham edirlər.

Rusiyalı politoloq Sergey Markovun sözlərinə görə, Vaşinqtonla Brüssel arasında artan parçalanma Qərbin təhlükəsizlik siyasətinin Rusiyanın xeyrinə tam yenidən qurulmasının ilk “xəbərdarlıq zəngi” ola bilər. O ehtimal edir ki, gərginlik NATO-nun dağılması ilə nəticələnəcək münaqişəyə çevrilə bilər.

Avropa ölkələri olmadan isə Ukraynadakı müharibə Moskvanın şərtləri ilə başa çatar. Amma bir çox Qərb lideri bu ssenarini real hesab etmir. Onlar Trampı Qrenlandiya məsələsini həll etməyə çalışmaqdan daşındırmağa, ticarət müharibəsinin qarşısını almağa və NATO-nun birliyini qorumağa cəhd göstərirlər.