“Dövlət başçılarının qaçırılmasına beynəlxalq ictimaiyyətin reaksiyasının olmaması bu cür hərəkətləri adi hala çevirə bilər”.
Teleqraf xəbər verir ki, bunu Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbs edilməsini TASS-a şərh edərkən deyib.
“Belə bir latın deyimi var: kim susursa, deməli, razıdır. Bu, həm də hüquqi prinsiplərdən biridir: susmaqla bir razılaşmanı qəbul etmək və ya müəyyən vəziyyəti tanımaq mümkündür. Bu, indiki proseslərin çox təhlükəli olduğunu göstərir. Bəlkə də bir qədər şişirdirəm, amma prezident öz ölkəsindən qaçırıla bilirsə və ABŞ Prezidenti Donald Trampın özü də deyirsə ki, bu, hər kəsin başına gələ bilər – etiraz olmadıqda bu, yeni norma və praktikaya çevriləcək”, - o vurğulayıb.
Karin Knaysl əlavə edib ki, etiraz etmək lazımdır, etiraz olmadıqda belə şeylər adi praktikaya çevrilir.
Keçmiş xarici işlər naziri xatırladıb ki, tarix boyu liderlərin qaçırılması hadisələri olub, bu, nadir hal deyil: “Amma son 400-500 ildə müəyyən normalar formalaşıb”.