BAKI, 15 yanvar. TELEQRAF
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mövcud beynəlxalq vəziyyəti nəzərə alaraq, Avropa Parlamentinin (AP) üzvlərinə içki içməyə başlamağı təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.
Kallas AP fraksiyalarının rəhbərləri ilə görüşdə bildirib ki, özü spirtli içkidən sui-istifadə etməsə də, dünyada mövcud vəziyyət elədir ki, indi içkiyə başlamaq üçün mükəmməl andır.
“Politico” aydınlaşdırıb ki, Kallas bu barədə ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək niyyətləri ilə bağlı Danimarka və Qrenlandiya xarici işlər nazirlərinin vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubio ilə görüşü ilə eyni vaxtda danışıb. Bu zarafat AP üzvləri bir-birini ötən bayramlar münasibətilə təbrik edəndə edilib. Bu arada, Avropa Parlamentinin üzvləri 2026-cı ilin çox da xoşbəxt il olmayacağını bildiriblər.