BAKI, 13 yanvar. TELEQRAF
“Moldova Prezidenti Maya Sandunun ölkənin Rumıniya ilə birləşməsinə səs verməyə hazır olması barədə bəyanatı iqtisadiyyatındakı ağır böhrandan çıxmaq üçün Buxarestdən kömək istəmə planları ilə bağlıdır”.
Teleqraf xəbər verir ki, bunu Moldovanın sabiq baş naziri Vladimir Filat bildirib.
“Amma Moldova olduğu yerdə qalacaq, xəritədə heç bir dəyişiklik olmayacaq”, - o deyib.
Maya Sandu bundan əvvəl bəyan etmişdi ki, referendum keçirilsə, Moldova ilə Rumıniyanın birləşməsini dəstəkləyərdi. Prezident mövqeyini belə izah edib ki, kiçik bir ölkə üçün yaşamaq getdikcə çətinləşir. amma Sandu etiraf edib ki, hazırda Moldovada birləşməni dəstəkləyən çoxluq yoxdur.
Prezidentin açıqlamasından sonra Moldovanın ən böyük partiyası Sosialistlər dərhal Maya Sandu əleyhinə mümkün dövlət xəyanəti faktına görə istintaq başlanmasını tələb edib. Partiya hesab edir ki, Sandunun açıq çağırışı ən sərt hüquqi-siyasi qiymətləndirməyə layiqdir.
Moldovada bir sıra siyasi partiyalar uzun illərdir iki ölkənin birləşməsi ideyasını irəli sürürlər. Rumıniyada da birləşmə çağırışı edənlərin sayı kifayət qədərdir, burada əhalinin təxminən 68 faizi bu ideyanı dəstəkləyir. Moldovada isə sorğulara görə, belə bir addımı dəstəkləyənlərin sayı üçdə birdən çox deyil.