BAKI, 8 dekabr. TELEQRAF

“Avropa İttifaqında (Aİ) həqiqi güclü liderlik çatışmır. Avropa İttifaqı hazırkı formada digər böyük qlobal oyunçularla bərabər səviyyədə ola bilmir”.

Teleqraf xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tacani “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

“Bizim bacarıqlı milli liderlərimiz var, Avropada əsl liderlik çatışmır. Məsələn, məsələn, indi (İtaliyanın keçmiş baş naziri) Alçide De Qasperi, (Almaniyanın keçmiş kansleri) Helmut Kol və ya (Fransanın keçmiş prezidenti) Fransua Mitteran kimi fiqurlar yoxdur. Hamı irəli addımlamalı, təkcə ölkə liderləri kimi yox, daha geniş layihə çərçivəsində düşünməlidir. Avropa mövcud təşkilati quruluşunda digər böyük dünya oyunçularına bərabər ola bilməz”, - nazir qeyd edib.

Tacaninin sözlərinə görə, Aİ bürokratik qurum yox, siyasi ittifaq olmalıdır. İtaliya xarici işlər naziri bu çərçivədə Avropa Komissiyası və Avropa Şurasının rollarının birləşdirilməsi və bu vəzifəyə namizədin birbaşa vətəndaşlar tərəfindən seçilməsini təklif edib.

Antonio Tacani əmindir ki, ABŞ Avropanın əsas strateji tərəfdaşı olaraq qalacaq.

ABŞ-nin dekabrın 5-də açıqlanan yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında vurğulanır ki, Aİ rəhbərliyi və digər strukturların siyasəti nəticəsində Avropa 20 il ərzində tanınmaz hala düşə və sivilizasiya kimi məhv ola bilər. ABŞ administrasiyası bəzi Avropa ölkələrinin gələcəkdə Amerikanın etibarlı müttəfiqi olmaq üçün adekvat iqtisadi-hərbi potensiala malik olub-olmayacağına dair narahatlıq da ifadə edib.