BAKI, 1 dekabr. TELEQRAF

Polşanın Almaniyadan İkinci Dünya müharibəsi zamanı nasistlərin cinayətlərinə görə reparasiya tələbləri ilə bağlı məsələ hüquqi və siyasi baxımdan artıq bağlanıb.

Teleqraf xəbər verir ki, bu barədə kansler Almaniya Kansleri Fridrix Merts Berlində Polşa Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında bildirib.

“Almaniya hökumətinin bu məsələyə dair mövqeyi məlumdur, buna əvvəlki hökumətlər də riayət ediblər. Almaniya baxımından reparasiya məsələsi hüquqi və siyasi cəhətdən artıq illər əvvəl tamamilə bağlanıb”,- o deyib.

Həmçinin, Merts vurğulayıb ki, almanlar üçün həmin günlərin hadisələri həmişə yaddaşlarda qalacaq.

Polşanın o zamankı hakimiyyəti 2022-ci il sentyabrın 1-də nasist Almaniyasının hücumu və 1939-1945-ci illərdə işğal nəticəsində ölkənin itkiləri barədə üç cildlik məruzə təqdim etmişdi. Açıqlanan yekun məbləğ təxminən 1,5 trilyon dollar təşkil etmişdi. O vaxt Polşa xarici işlər naziri olan Zbiqnev Rau Almaniyaya təzminatın ödənilməsi tələbi ilə nota imzalamışdı. Almaniya hökuməti isə dəfələrlə bəyan edib ki, heç bir ödəniş üçün əsas görmür, çünki Polşa 1953-cü ildə rəsmən reparasiyalardan imtina edib. Yeni Polşa rəhbərliyi isə açıqlanan məbləğdə təzminat tələbindən imtina edərək, Almaniya tərəfinə dəymiş zərərin ödənilməsi üçün kreativ həll tapmağı təklif edib.