BAKI, 6 iyun. TELEQRAF
Rusiya müxalifəti Ukrayna rəsmiləri ilə gizli danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə rusiyalı jurnalist və keçmiş siyasi məhbus Vladimir Kara-Murza “Politico”ya bildirib.
“Biz bunu ən yüksək səviyyəyə çatdırmaq istərdik”, - deyə o, Ukrayna Prezidenti Volodimir Zelenskiyə istinad edərək əlavə edib.
Digər rusiyalı müxalif siyasətçi İlya Yaşin söyləyib ki, Avropa İttifaqı Rusiyadakı demokratik hərəkatla Ukrayna hökuməti arasında vasitəçi kimi çıxış edə bilər.
“Biz Ukrayna ilə bu dialoqa başlamaq istəyirik. Biz Ukraynanın düşməni deyilik və onun müstəqilliyini qorumaq istəyirik”, - deyən Yaşin Zelenskinin onlarla danışıqlara açıq olduğunu iddia edib.
“Politico”nun fikincə, həm Ukrayna, həm də Rusiya müxalifəti Kreml sahibi Vladimir Putinin qatı əleyhdarları olsalar da, onlar birgə işləməkdən yayınırlar:
“Ukraynalılarla Rusiya müxalifəti arasında fikir ayrılığı əsasən müharibənin məsuliyyəti ətrafında cərəyan edir. Ukraynada bir çoxları fikirləşir ki, Moskvanın təcavüzünə görə rus xalqı da məsuliyyət daşıyır. Rusiya müxalifəti isə bu fikri təbliğ etməyə çalışır ki, bu Putin müharibəsidir və bu müharibədə sadə ruslar ukraynalılardan az əziyyət çəkmirlər”.