Riqa, 4 iyun. TELEQRAF

Amil Səlimov bir ildən artıqdır Latviya Seyminin deputatıdır. O, parlamentdə "Sabitlik” partiyasını təmsil edir.

Teleqraf-ın Avropa bürosuna müsahibəsində Amil Səlimov Latviyada siyasi fəaliyyəti, iki ölkə arasında görülən işlərlə bağlı danışıb.

- Amil bəy, uzun müddətdir ki, Latviyada yaşayır və fəaliyyət göstərirsiniz. Bəs, özünüzü daha çox latviyalı, yoxsa azərbaycanlı kimi hiss edirsiniz? Yoxsa hər ikisi?

- 14 oktyabr 1985-ci ildə Latviyada dünyaya gəlmişəm. Valideynlərim Nəzarət Səlimov və Narıngül Səlimova əslən Azərbaycanın Ucar rayonundandılar. Bir bacım var, o da ailəlidir. Özüm ilk təhsilimi Latviyada Riqa şəhərində 72 nömrəli məktəbdə almışam. Latviya Nəqliyyat və Rabitə İnstitutunun iqtisadiyyat və biznesin idarə edilməsi ixtisasını bitirmişəm. Latviyada böyüsəm də, mən Azərbaycan tərbiyəsi, mədəniyyəti ilə böyümüşəm. Azərbaycan dilində sərbəst danışıram. Ona görə də özümü həmişə azərbaycanlı kimi hiss etmişəm və demişəm.

- Sizi Latviya siyasətinə gətirən əsas motiv nə olub?

- Mənim əsas motivim budur ki, burada yerli xalqa göstərə bilim ki, bir azərbaycanlı olaraq Latviyaya xeyir gətirə bilərik. Mən azərbaycanlı olaraq göstərmək istəyirəm ki, biz millət olaraq bacarıqlı, istedadlı və ağıllı xalqıq. Latviya əhalisinin çox hissəsi yerli millət - latışlardan ibarətdir. Ona görə də digər millətdən olan nümayəndənin burada uğur qazanması üçün çox çalışması lazımdır.

- Latviya Seymində yüz deputatdan yalnız bir nəfər, yəni siz digər xalqın nümayəndəsiniz. Latviyada siyasi karyera qurmaq azərbaycanlı bir şəxs üçün hansı çətinlikləri və fürsətləri yaradıb?

- Əlbəttə ki, çətinliklər var. Amma bu çətinliklərin qarşısında ancaq işləmək lazımdır. Latviyada 2016-cı ildən siyasətlə məşğul olmağa başlamışam. 2020-ci ildə “Alternativ” adlı siyasi partiya ilə Riqa şəhər bələdiyyə sədrliyinə namizədliyimizi vermişdik, amma qalib ola bilmədik. 2021-ci il fevralın 9-da Latviyada “Sabitlik” adlı siyasi partiya yaratdıq, artıq bir il sonra parlamentə seçildik. Partiyamız parlamentdə 10 nəfərlə təmsil olunur. Mən isə 2024-cü ilin 22 fevralında namizədlər arasından deputat seçildim. Çünki Qloriya Qrevtsova adlı deputatın mandatı ləğv edilmişdi, onun yerinə mən seçildim.

Bu illər ərzində çalışmışam ki, yerli xalqın inamını qazanım. Əslində fərqi yoxdur ki, biz hansı milləti burada təmsil edirik, əsas odur ki, bu dövlətə, ictimaiyyətə xeyir verək. Mənim üçün ən çətin yerli xalqın inamını qazanmaq idi. Latışlar üçün Seymdə təmsil olunmaq asandır, amma mən 1:0 geridə başlamalı oldum. Ona görə də mən digərlərindən daha çox işləmək məcburiyyətindəyəm.

- Latviyadakı Azərbaycan diasporunun gücü və təsiri haqqında nə düşünürsünüz? Deputat olaraq Azərbaycan diasporunun inkişafına necə dəstək olursunuz?

- Mən deputat kimi Azərbaycan diasporunun inkişafı üçün də çalışıram. Burada yaşayan azərbaycanlılar bunu yaxşı bilir. Bəzən elə qanunlar olur ki, parlamentdə bizim diasporun əleyhinə işləyir, bu zaman tribunaya çıxıb soydaşlarımızın haqlarını müdafiə edirəm. Millət vəkili olaraq sadə vətəndaşdan daha çox imtiyazım var, ona görə də çalışıram ki, bundan yaxşı istifadə edim.

- Azərbaycanla Latviya arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi üçün hansı təşəbbüsləri irəli sürmüsünüz? Ümumiyyətlə, Azərbaycanla bağlı müzakirələrə Seymdə tez-tez rast gəlinirmi?

- Azərbaycanın haqlarını həmişə parlamentdə qoruyuram. Sırf Azərbaycanla bağlı qanunlar olmayıb, amma bəzən elə qanunlar parlamentə daxil olur ki, onun qəbulu iki ölkə arasında əlaqələri zəiflədə bilər. Belə olan halda mən öz mövqeyimi ortaya qoyuram. Latviya üçün Azərbaycan vacib ölkədir. Məsələn, ötən dəfə Seymdə xarici tələbələrin, o cümlədən azərbaycanlı tələbələrin Latviyaya daxil olması ilə bağlı məhdudiyyət tətbiq edən qanun layihəsi var idi. Mən buna öz etirazımı bildirdim. Qanuna görə, il ərzində beş min nəfər xarici tələbə qəbul oluna bilərdi, bu azərbaycanlı tələbələr üçün də məhdudiyyət demək idi. Ona görə mən detallı şəkildə etirazımı bildirdim.

- Azərbaycanla bağlı hansı dəyərləri həyatınızda və işinizdə mütləq yaşatmağa çalışırsınız?

- Biz ölkənin bütün özəl günlərində çalışırıq ki, iştirak edək. Latviyada Azərbaycan evinin açılması istiqamətində işlər aparılır. Azərbaycan dəyərlərini isə həmişə yaşatmağa çalışıram.

- Yaxın zamanda Latviya rəsmilərinin Azərbaycana səfəri planlaşdırılırmı?

- Rəsmi səfərlərlə bağlı hələ məlumat yoxdur. Amma Azərbaycan parlamentinin deputatının yaxın zamanda bizim Seymdə görüşü keçiriləcək. Həmin görüşdə mən də iştirak edəcəm.