BAKI, 2 iyun. TELEQRAF

ABŞ ilə rüsumlara dair danışıqlar sürətlənib, danışıqlarda nəticə əldə olunmasa, əks tədbirlər görüləcək.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Olof Gill Brüsseldə keçirlən gündəlik mətbuat konfnarsında bildirib.

O söyləyib ki, ABŞ Prezidenti Donald Trampın polad və alüminium tariflərinin artırılacağına dair açıqlamaları ilə bağlı qiymətləndirmələr edib: “Aİ ABŞ-nin polad tariflərini 25%-dən 50%-ə yüksəldəcəyi barədə açıqlamasına görə dərin təəssüf hissi keçirir. Qərar qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi artıracaq və Atlantik okeanının hər iki tərəfindəki istehlakçılar və biznes üçün xərcləri çoxaldacaq".

Aİ Komissiyasının sədri Ursula von der Leyen və ABŞ Prezidenti Donald Trampın görüşündən sonra hər iki tərəfin ticarət razılaşması müzakirələrini sürətləndirmək mövzusunda razılaşdıqlarına diqqət çəkən Gill, bu mövzuda irəliləyiş olduğunu, Brüsseldən texniki qrupların Vaşinqtona getdiyini, Avropa İttifaqının ticarət üzrə komissarı Maros Şefçoviçin isə çərşənbə günü Parisdə ABŞ ticarət nümayəndəsi Jamieson Greer ilə görüşəcəyini bildirib.

"Danışıqlar balanslaşdırılmış nəticə əldə edə bilməsə, Aİ bu son tarif artımına cavab olaraq əks tədbirlər görməyə hazırdır", -deyə o qeyd edib.

Xatırladaq ki, Tramp mayın 31-də polad idxalına tarif dərəcəsinin 25 faizdən 50 faizə qaldırılacağını açıqlayıb. O, fevralın 10-da polad və alüminium idxalına 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı fərman imzalayıb. Sözügedən tariflər martın 12-dən qüvvəyə minib.