BAKI, 1 iyun. TELEQRAF
Bolqarıstanın iyun ayında Avropa Birliyinin vahid valyutası olan avroya keçməsi üçün yaşıl işıq yandıracağı gözlənilir. Lakin bu addım ölkədə inflyasiya ilə bağlı narahatlıqları da artırıb.
Teleqraf “AFP”-yə istinadən xəbər ki, şənbə günü Bolqarıstanda ölkənin pul vahidi levin saxlanması və avroya keçilməməsi ilə bağlı nümayişlər keçirilib. Ultra-millətçi Dirçəliş Partiyası və müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarının təşkil etdiyi etiraz aksiyalarında referendum çağırışı səslənib.
İflas etmək qorxusu
Bolqarıstanın keçmiş yüksək vəzifəli məmur iddia edib ki, “Bolqarıstan avro zonasına daxil olarsa, bu, Titanikə minmək kimi olacaq”. 1996-97-ci illər böhranını və 14 bankın müflis olduğu hiperinflyasiyanı xatırlayanlar bu addımın qəti əleyhinədirlər. Avro müzakirələri Aİ əleyhinə təbliğata çevrildiyi halda, müxalifətin nümayişlərində Rusiya bayrağının dalğalanması da diqqət çəkib.

2007-ci ildə Aİ-yə daxil olan Bolqarıstan ittifaqın ən kasıb ölkəsidir. Alfa Tədqiqat İnstitutunun təmsilçisi Boriana Dimitrova bildirib: "Kasıblar yoxsullaşmaqdan qorxurlar".
Avroya keçidin 6,4 milyon əhalisi olan ölkənin iqtisadiyyatını daha da gərginləşdirəcəyi iddia edilsə də, ifrat sağçılar etiraz aksiyaları təşkil etməklə bu narahatlığı artırır. Rusiyayönümlü hesab edilən prezident Rumen Radev də gözlənilməz çıxış edərək referenduma çağırış edib. Radev həftə ərzində verdiyi açıqlamada hökuməti avroya keçiddən ən çox təsirlənəcək şəxslər üçün qoruyucu tədbirlər görmədiyi üçün tənqid edib.