BAKI, 30 may. TELEQRAF
Kanadanın Ukraynadakı səfiri Natalka Tsmots bildirib ki, ölkəsi Ukraynaya göstərdiyi davamlı dəstəyin bir hissəsi olaraq Qara dənizdə minalardan təmizləmə əməliyyatlarında iştirak etməyə hazırdır.
Teleqraf xəbər verir ki, o, bu barədə Qara Dəniz Təhlükəsizlik Forumunda çıxışı zamanı danışıb.
Diplomat qeyd edib ki, Kanada Hərbi Dəniz Qüvvələri bu missiyada iştirak etmək imkanına malikdir və hazırdır. "Bizim Ukraynaya bundan sonrakı dəstəyimiz necə olacaq? Məsələn, bizim Kanada Hərbi Dəniz Qüvvələrimiz var, o, Qara dənizin minalardan təmizlənməsində kömək etməyə hazırdır", - deyə Tsmots bildirib.
Səfir, həmçinin Ottavanın Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb: "Kanada Avropa və Ukrayna ilə birlikdədir".
Qeyd edək ki, bundan öncə Ukraynanın Baş nazirinin müavini Olqa Stefanişina Kanadanın Rusiyaya məxsus "An-124 - Ruslan" yük təyyarəsini müsadirə edib Kiyevə təhvil verməyi planlaşdırdığını açıqlamışdı.