BAKI, 30 aprel. TELEQRAF

Yunanıstan Baş naziri Kiriakos Mitsotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mayda keçirilməsi gözlənilən görüş ərəfəsində diplomatik təmaslar intensivləşib.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Görüşdən əvvəl Yunanıstan xarici işlər naziri Yorqo Gerapetritin Türkiyəyə iki ayrı səfəri planlaşdırılır. İlk səfər mayın ilk həftələrində İstanbula, ikincisi isə mayın 14-15-də Antalyaya olacaq.

Səfərlərə qədər Gerapetritin türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı planlaşdırılır.

Yunanıstan xarici işlər naziri Yorqo Gerapetrit ikitərəfli münasibətlərlə bağlı deyib: “Türkiyə ilə nə rəsmi, nə də qeyri-rəsmi dialoqun dayandırılması ilə bağlı problem var”.

7 dekabr 2023-cü il tarixli Afina Bəyannaməsinə istinad edən yunan nazir dialoqun davam etdirilməsinin strateji seçim olduğunu bildirib.

Gerapetrit Türkiyə ilə dialoqun konkret nəticələr verdiyini də söyləyib. Bunlara Kipr məsələsinin yenidən müzakirə prosesinə keçirilməsi, ikitərəfli ticarətin artırılması və Türkiyə vətəndaşları üçün sürətli viza imkanları daxildir.

Ankarada keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısının kulminasiya nöqtəsinin Mitsotakis-Ərdoğan görüşü olacağı gözlənilir. Görüşün dəqiq tarixi hər iki liderin iş qrafikindən asılıdır.

Nəşr yazır ki, Mitsotakis və Ərdoğan arasında baş tutacaq görüş son illərdə tıxacla üzləşən Türkiyə-Yunanıstan münasibətlərində yeni səhifə açacaq. Yunanıstan baş naziri Türkiyə ilə bağlı son açıqlamalarında “dava axtarmadığını” bildirib.