BAKI, 23 aprel. TELEQRAF
Türkiyənin İstanbul şəhərində daha güclü zəlzələ olacaq.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin məşhur seysmoloqu, professor Naci Görür deyib.
“Zəlzələ günü efirə çıxıb danışmaq istəmirəm. Bu gün bu haqda danışmayacam, çünki illərdir bu haqda danışıram, “diqqətli olun” deyirəm. Bu, hər kəsin unuda və ya görməməzlikdən gələ biləcəyi bir mövzu deyil. Amma xəbərdarlıqlarımıza heç kim qulaq asmır.
Ümumiyyətlə, İstanbulun Mərmərə sahillərində yerləşən qırılma xəttində müxtəlif ölçülərdə zəlzələlər çox olur. Bunlar Mərmərədə gözlədiyimiz böyük zəlzələlər deyil. Bunlar bu qırılma xəttinin yaratdığı stressi artırır. Yəni onu qırılmağa məcbur edir. Burada əsl zəlzələ daha böyük, 7 baldan yuxarı olacaq”, - professor bildirib.
Naci Görür Türkiyə hökuməti və cəmiyyətini mümkün zəlzələlərə qarşı hazırlıq görməyə çağırıb.
Seysmoloq, professor Şener Üşümezsoy isə İstanbulda daha böyük bir zəlzələ gözləmədiyini, stressin azaldığını iddia edib:
“Bu fay qırılmamış zonada olan qırılma xətti idi. Yeni zəlzələ riski yoxdur. Artıq bunun baş verdiyini deyə bilərik”.
Xatırladaq ki, bu gün İstanbulda baş verən zəlzələnin şiddəti 6,2 bal olub.