BAKI, 18 mart. TELEQRAF

Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqlar prosesi tərəfləri sülhə yaxınlaşdırıb, amma sülh sazişinin əldə olunması üçün daha çox səy lazımdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mark Rubio deyib.

“Düşünürəm ki, sülhə daha da yaxınlaşmışıq. Amma üzərində işləməli olduğumuz çox şey var. İki həftə və ya altı ay əvvəlkindən daha yaxınıq”, - dövlət katibi bildirib.

Rubio vurğulayıb ki, Ukraynada müharibə 3 ildir davam edir və ABŞ Prezidenti Donald Tramp bunun bitməsini istəyir: “Düşünürəm ki, hamı bu müharibənin bitməsi ilə razılaşmalıdır. Sual onu necə bitirməklə bağlıdır ki, yenidən başlamasın”.

Dövlət katibi ötən həftə Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyətinin ABŞ ilə danışıqlarda yaxşı öhdəliklər götürdüyünü söyləyib: “Onlar atəşi dayandırmağa və hər şeyi olduğu kimi dondurmağa razılaşdılar. İndi bunu əbədi olaraq necə bitirəcəyimizi danışa bilərik”.

Rubionun fikrincə, ruslardan oxşar şeylər almaq lazımdır.