BAKI, 3 mart. TELEQRAF

Cəbhədə ağır itkilərdən sonra Şimali Koreya qoşunları bərpa üçün geri çəkilmişdi, amma fevralın birinci ongünlüyündən yenidən Rusiyanın Kursk vilayətində döyüşlərdə fəal iştirak etməyə başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski məlumat verib.

“2024-cü il dekabrın ortalarından birbaşa döyüş əməliyyatlarında iştirak edirlər. Birinci mərhələdə ciddi itki verdilər, ardınca bərpa olunmaq və dincəlmək üçün geri çəkildilər. İtkiləri 4 minə yaxındır. Bu, zaman baxımından çox böyük itkidir. Bununla belə, təxminən fevralın birinci ongünlüyündən yenidən Kursk vilayətində cəbhədə fəal şəkildə istifadə olunmağa başlayıblar”, - general bildirib.