BAKI, 15 fevral. TELEQRAF
Nadir torpaq elementləri və ya metalları bütün dünyada yer qabığında bol olan 17 metal oksiddən ibarət qrupdur. Bunlar mobil telefonlar, raket sistemləri, elektron nəqliyyat vasitələri, bərpaolunan enerji, müdafiə sənayesi və səhiyyə kimi bir çox sahələrdə istifadə olunur.
Teleqraf xəbər verir ki, dünyada təxminən 110 milyon ton nadir torpaq elementi var.
Çin 44 milyon ton ehtiyatla dünyanın ən böyük nadir torpaq elementləri istehsalçısıdır. Nadir metalların təxminən 70 faizini istehsal edən Çin qlobal emal gücünün 85 faizini təşkil edir. Müharibənin tərəflərindən biri olan Rusiya da bu sahədə lider dövlətdir.
Avropa Komissiyası Ukraynanı 20-dən çox kritik xammalın potensial tədarükçüsü kimi müəyyən edib. Kiyevdə təxminən 117 növ çox istifadə olunan elementin olduğu təxmin olunur. Amma Ukrayna müharibə, infrastruktur problemləri və ölkənin mədən siyasətinə görə bunların hamısından faydalana bilmir.
Məlumatlara görə, nadir torpaq elementləri də daxil olmaqla, dünya mineral ehtiyatlarının təxminən 5 faizi Ukraynada yerləşir.
Ukrayna mətbuatında Rusiya tərəfindən işğal olunmuş ərazilərdə mədənçilik fəaliyyəti ilə bağlı maraqlı iddia irəli sürülüb. “New Voice of Ukraine” (NV) saytının məlumatına görə, bir neçə özəl Çin şirkəti Rusiya tərəfindən işğal olunmuş Ukraynanın şərq ərazilərində fabriklər tikir və yerli bizneslərlə fəal əməkdaşlıq edir, avadanlıq və digər materialları tədarük edir.
Məlumatda deyilir ki, Çin şirkətləri təkcə avadanlıq tədarük etmir, həm də çinli iş adamlarını işğal olunmuş ərazilərə gətirir, birgə müəssisələr yaradır və yerli işçi qüvvəsindən fəal istifadə edir.
Strateji Araşdırmalar və Təhlükəsizlik İnstitutunun direktoru Pavlo Lisyanskinin sözlərinə görə, Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində yenidənqurma prosesini maliyyələşdirmək üçün kifayət qədər resursları yoxdur. Kreml ona görə də Çin şirkətlərini regiona investisiya qoymağa razı salmağa çalışır.
Məlumatda bildirilir ki, 2023-cü ildə Rusiyanın işğalı altında olan Donetsk vilayətindən ixracın böyük hissəsi Çin, Suriya, Belarus, Qazaxıstan və digər ölkələrə olub. Bu ticarətin 51.8 faizini metallar və metal məmulatları təşkil etdiyi halda, qalan hissəsini mineral məhsullar, ərzaq və kənd təsərrüfatı xammalı təşkil edib.
2023-cü ildə Moskvada keçirilən “Ümumrusiya Regional İnkişaf Konqresi”ndə Çinin işğal olunmuş Ukrayna ərazilərində regional inkişaf təcrübəsini təqdim etməsi diqqət çəkmişdi. Konqresdə “Heilongjiang Construction Investment Group”dan Van Donqtao da iştirak etmişdi. Çin rəsmiləri ilə Rusiya arasında regionda yeni layihələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdı.
Ukraynanın nadir torpaqları və buradakı strateji elementlər ABŞ Prezidenti Donald Trampın da diqqətindədir. Fevralın 11-də Trampın Ukraynaya yardım müqabilində Kiyevdən 500 milyard dollar dəyərində nadir torpaq elementləri istədiyi haqda məlumat yayılıb.
ABŞ liderinin özü bu haqda bildirib ki, təklif Ukrayna tərəfindən qəbul edilib: “Mən onlara söylədim ki, 500 milyard dollar dəyərində nadir torpaqlar istəyirəm, bununla razılaşdılar”.
Ukrayna Prezidenti Volodimir Zelenski bundan sonra açıqlayıb ki, Kiyev Vaşinqtondan Ukraynanın nadir torpaq metallarının istifadəsi ilə bağlı saziş layihəsi alıb. Zelenski Trampla telefon danışığında da bu mövzunu müzakirə edib.
Artıq Rusiyadan bununla bağlı etiraz gəlib. Dünən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, nadir torpaq metallarının ABŞ-yə verilməsi Ukrayna konstitusiyasına ziddir. Zaxarova bununla bağlı Ukrayna Konstitusiyasının 13-cü bəndini xatırladıb.
Fevralın 9-da Rusiya Prezidenti Vladimir Putinlə Tramp arasında baş tutan telefon danışığından sonra ABŞ mediası liderlər arasında mümkün anlaşmadan yazıb. Amerika mənbələrinin iddialarına görə, mümkün anlaşma işğal etdiyi Ukrayna ərazilərinin Rusiyada qalmasını, ölkənin qalan hissəsinə (nadir torpaqlarla zəngin qisminə) isə təhlükəsizlik zəmanəti adı altında ABŞ-nin nəzarətini ehtiva edir.
Anlaşma hələlik rəsmi təsdiqini tapmasa da, Zelenskinin məsələ ilə bağlı Trampla razılaşması və Moskvanın buna etirazı tərəflər arasında müzakirələrin getməsindən xəbər verir.
Baş verənlər o ehtimalı yaradır ki, müharibə dayandırılma mərhələsinə girir və prosesdə birbaşa və dolayı yolla iştirak edən böyük dövlətlər pay almaq istəyirlər.