BAKI, 2 oktyabr. TELEQRAF
Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dünyasının Logistika və Koordinasiya İnstitutunun yaradılması təklifi irəli sürülüb.
Teleqraf xəbər verir ki, təşəbbüs Türkiyənin Aydın Universitetinin prorektoru, professor Raqıp Kutay Karaca tərəfindən Bişkekdə keçirilən “Türk Dünyasının Dialoqu: Ortaq Gələcək, Ortaq Vizyon” adlı panel müzakirəsində verilib.
Professorun sözlərinə görə, tarixi-mədəni əlaqələrlə yanaşı, türk dünyası ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirmək lazımdır.
Karaca Çinlə Avropa arasında Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz və Türkiyə üzərindən keçən Orta Dəhlizin artan strateji əhəmiyyətini qeyd edib. O, Orta Dəhlizin inkişafı üçün ortaq məqsədlərin müəyyənləşdirilməsini və dövlətlər arasında koordinasiyanın gücləndirilməsi təklifini verib.
Professor həmçinin Bişkekdə Türk Dünyasının Logistika və Korrdinasiya İnstitutunun yaradılmasını təklif etdi. O hesab edir ki, nəqliyyat əlaqələrinin inkişafına təkcə iqtisadi deyil, həm də regional sabitlik baxımından baxılmalıdır.
Müzakirə zamanı Cənubi Qafqazda əlavə nəqliyyat kommunikasiyalarının daha geniş regional əlaqə sisteminin bir hissəsi kimi nəzərdən keçirilməsi təklifi də irəli sürülüb.