BAKI, 23 avqust. TELEQRAF

Qırğızıstanın Pamir dağlıq ərazisindəki Kurumdı zirvəsində itkin düşən Belarus və Litva vətəndaşı olan alpinistlərin axtarışları başa çatıb, əməliyyatın növbəti mərhələsində onların kimliyinin müəyyənləşdirilməsi və təxliyəsi həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın Turizmin İnkişafı üzrə Dövlət Agentliyinin rəhbəri Eduard Kubatov "Facebook" hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarından istifadə edilməklə aparılan axtarış işləri başa çatıb. Əməliyyat nəticəsində üç alpinistin ehtimal olunan yıxılma yeri müəyyən edilib və onların olduğu ərazi qeydə alınıb.

Kubatov bildirib ki, əməliyyatın başlanacaq ikinci mərhələsinə Qırğızıstanın aparıcı alpinistlərindən biri rəhbərlik edəcək.

“Qrup yüksək səviyyəli peşəkar alpinistlərdən formalaşdırılacaq. Biz alpinistlərin yıxıldığı əraziyə enəcək, onların yerini dəqiqləşdirəcək və kimliklərini müəyyənləşdirəcəyik. Bundan sonra alpinistlərin Kurumdından Oş şəhərinə təxliyəsinə başlayacağıq”, - deyə o bildirib.