BAKI, 19 avqust. TELEQRAF
Qırğızıstan hökuməti Avropa İttifaqı (Aİ) və ABŞ-nin Rusiyaya qarşı sanksiyalarından yayınmada iştirak edə biləcək daha 19 şirkəti ləğv edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi bildirib ki, sanksiya risklərinin azaldılması tədbirləri çərçivəsində 19 hüquqi şəxsin məcburi ləğvi proseduruna başlanılacaq. Qərar Qırğızıstan prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Bakıt Sidıkovun sədrliyi ilə keçirilən sanksiyalar məsələləri üzrə iclasda qəbul edilib.
Ümumilikdə, iyunun sonundan etibarən ölkədə sanksiya riski yüksək olan təxminən 40 şirkət müəyyən olunub.
Qeyd edək ki, may ayında Qırğızıstandan olan 50 şirkət Rusiyaya beynəlxalq sanksiyalardan yayınmasına kömək etməkdə şübhəli bilinərək, fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalmışdı.