BAKI, 15 oktyabr. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi narkotik qaçaqmalçılığına qarşı mübarizə əməliyyatlarını genişləndirmək məqsədilə Latın Amerikası ölkələrinə yüzlərlə hərbçi göndərməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, ABŞ Quru Qoşunlarının 600 hərbi qulluqçusunun Panamaya göndərilməsi prosesinə artıq başlanılıb. Hərbçilər burada cəngəllik şəraitində döyüş hazırlığı keçəcəklər.
Daha sonra onların Kolumbiya və Hondurasda yerli hərbi qüvvələrlə birgə təlimlərdə iştirak etməsi nəzərdə tutulur.
Bundan başqa, amerikalı hərbçilər narkotik qaçaqmalçılığında şübhəli bilinən şəxslərə qarşı reydlər zamanı ABŞ Xüsusi Əməliyyat Qüvvələrinə dəstək göstərəcəklər.
NYT yazır ki, hərbi kontingentin regiona yerləşdirilməsi müvəqqəti xarakter daşısa da, gələcəkdə ABŞ-nin Latın Amerikasında daimi hərbi mövcudluğunun genişlənməsinə səbəb ola bilər.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri 2025-ci ilin payızından etibarən narkotik qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Karib dənizi və Sakit okeanın şərq hissəsində şübhəli gəmilərə zərbələr endirir. Əməliyyat “Cənub nizəsi” adlandırılır.
“The Wall Street Journal”ın daha əvvəl yaydığı məlumata görə, son 13 ay ərzində ABŞ hərbçiləri 70-dən çox gəmini məhv ediblər. Bu əməliyyatlar nəticəsində təxminən 240 nəfər həlak olub, narkotik ticarəti ilə məşğul olan cinayətkar qruplaşmalar isə 1,5 milyard dollar dəyərində kokain yükünü itiriblər.
Bununla belə, nəşr ABŞ-nin hava zərbələrinin kokain istehsalının rekord artımının qarşısını ala bilmədiyini və böyük həcmdə narkotik vasitələrin ölkəyə daxil olmaqda davam etdiyini bildirib.