BAKI, 19 avqust. TELEQRAF

“Tanrı Rusiyanı yalnız bir məqsədlə qoruyub saxlayıb - Avropanın Tanrıdan üz döndərdiyi vaxtda Rusiyanın onun haqqında şahidlik etməsi üçün”.

Teleqraf xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın patriarxı Kirill deyib.

“Tanrı istədi ki, çətin dövrlərdə, yeni zamanlar üçün Rusiyanı, torpağımızı və xalqımızı qorusun. Avropanın maariflənmiş xalqları Tanrıdan üz döndərərkən biz imanın qoruyucuları olaq”, - Rus Pravoslav Kilsəsinin rəhbəri bildirib.

Kirill rusiyalılara müraciət edərək, onları Tanrı və Xilaskara inanmağa, onun əmrlərinə uyğun yaşamağa və buna şahidlik etməkdən çəkinməməyə çağırıb.

Rusiyanın patriarxı bundan əvvəl rusiyalıları xarici və daxili düşmənlərdən qorumaq üçün ölkə lideri Vladimir Putin üçün dua etməyə çağırmışdı. O, həmçinin iddia etmişdi ki, SSRİ dövründə ölkəni ələ keçirmiş “şeytani qüvvə” dindarlığın istənilən təzahürü ilə mübarizə aparırdı. II Kirill bu gün Rusiyanın “xüsusi tarixi dövr”dən keçdiyini də iddia etmişdi.