BAKI, 14 avqust. TELEQRAF
“Yaponiya İkinci Dünya müharibəsinin nəticələrinə hörmətlə yanaşmalıdır və bu müharibənin nəticəsində Kuril adalarının cənubu SSRİ-yə verilib”.
Teleqraf xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Syakun Yaponiyanın Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərini tənqid etməsindən sonra deyib.
“Çin həmişə Dünya Antifaşizm müharibəsində (Çində İkinci Dünya müharibəsinin rəsmi adı – red.) qələbənin nəticələrinə hörmət edilməsini və qorunub saxlanılmasını müdafiə edib. Çin Yaponiyanı Qahirə Bəyannaməsi və Potsdam Müqaviləsi kimi beynəlxalq hüquqi sənədlərlə təsbit edilmiş İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq nizamı dəstəkləməyə çağırır”, - çinli diplomat bildirib.
Yaponiya Xarici İşlər Nazirliyi Vladimir Putinin İturupa səfərinə etiraz edib. Ölkənin xarici işlər naziri Toşimitsu Moteqi Kuril adalarının Yaponiyaya məxsus olduğunu vurğulayıb.
Tokio Rusiyanın Cənubi Kuril adaları üzərində suverenliyini tanımır və İturup, Kunaşir, Şikotan və Xabomay adalarının geri qaytarılmasında israr edir. Yaponiya qanunlarında bu dörd ada “Şimal əraziləri” adlandırılır.