BAKI, 26 iyun. TELEQRAF
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin yeniyetmələr arasında cinayətkarlıq mövzusundan danışarkən, rəhbərlik etdiyi qurumun bəzi cinayətlər üzrə məsuliyyət yaşının 12 yaşa endirilməsini nəzərdə tutan qanun layihəsi hazırladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, layihənin məqsədinin uşaqların internet vasitəsilə cinayət fəaliyyətinə cəlb edilməsinin qarşısını almaq olduğu iddia edib.
“Cinayət məsuliyyəti yaşının 12-yə endirilməsi ilə bağlı təklif vermişdik, amma bununla razılaşmadılar. Bir tərəfdən də, hələ tam yetkin olmurlar, digər tərəfdən isə bizim dövrümüzlə müqayisədə daha tez böyüyürlər. Artıq 12-13 yaşlarında cinayətlər törədirlər, amma cinayət məsuliyyəti yaşına çatmadıqları üçün cəzasız qalırlar”, - Bastrıkin bildirib.
Qeyd edək ki, İosif Stalin dövründə keçmiş SSRİ-də cinayət məsuliyyəti üzrə minimum yaş 12 idi, bu norma 1958-ci ilə qədər qüvvədə qalmışdı. Yaş həddinin ən ciddi şəkildə aşağı salınması 1935-ci ildə evsiz uşaqların sayının və yeniyetmələr arasında cinayətkarlığın artması fonunda baş vermişdi.
SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin 7 aprel 1935-ci il tarixli “Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığa qarşı mübarizə tədbirləri haqqında” qərarına əsasən, 12 yaşından etibarən azyaşlılar cinayət məsuliyyətinə cəlb olunur və onlara bütün növ cinayət cəzaları tətbiq edilə bilirdi. Bu qayda əvvəlcə oğurluq, zorakılıq, xəsarətyetirmə, qətl və qətlə cəhd cinayətlərinə şamil edilirdi.
1941-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin 31 may tarixli fərmanı ilə bu siyahıya qatar qəzalarına səbəb olan əməllər də əlavə olunmuşdu. Siyahıya daxil edilməyən digər cinayətlərə görə isə cinayət məsuliyyəti 14 yaşdan başlayırdı.
Bastrıkinin iddiasına görə, onun təşəbbüsü digər ölkələrin təcrübəsinə də uyğundur: “Məsələn, Böyük Britaniyada ağır cinayətlərə görə şəxslər 10 yaşından cinayət məsuliyyətinə cəlb oluna bilirlər”.
Aleksandr Bastrıkindən əvvəl deputatlar Leonid Slutski və Aleksey Zinçuk da analoji təkliflə çıxış etmişdilər.
“Mediazona”nın hesablamalarına görə, Ukraynadakı müharibə dövründə Rusiyada terrorçuluq (Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi) və ya diversiya (281-ci maddə) ittihamı ilə azı 240 nəfər saxlanılıb. Saxlanıldıqları vaxt onların 18 yaşı tamam olmayıb. Bu şəxslərin bir qismi üç ildən başlayan real həbs cəzalarına məhkum edilərək tərbiyə koloniyalarına göndərilib.