BAKI, 10 may. TELEQRAF

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətinin Bannu şəhərində terrorçuların törətdiyi partlayış nəticəsində azı 15 polis əməkdaşı həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Bildirilib ki, silahlılar partlayıcı maddələrlə doldurulmuş avtomobillə polis postuna hücum ediblər. Hücumdan sonra ərazidə şiddətli atışma baş verib.

Məlumata görə, hadisə zamanı postda 18 polis əməkdaşı olub. Onlardan 15-i ölüb, 3-ü isə yaralanıb.

Güclü partlayış nəticəsində polis istehkamları tamamilə dağılıb, həmçinin zirehli avtomobil məhv edilib. Yaxınlıqdakı binalara da ciddi ziyan dəyib.

Hadisədən sonra şəhərin xəstəxanalarında fövqəladə vəziyyət elan olunub. Hüquq-mühafizə orqanları şəhər üzrə təhlükəsizlik tədbirlərini gücləndirib, əlavə nəzarət-keçid məntəqələri yaradılıb.

Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi hücum nəticəsində 12 nəfərin öldüyü barədə məlumat yaymışdı.