BAKI, 7 may. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Batken bölgəsinə səfəri zamanı Qırğızıstan-Tacikistan-Özbəkistan dövlət sərhədlərinin qovşağında quraşdırılmış “Dostluq” steli ilə və eyniadlı beynəlxalq ticari-iqtisadi parkının konsepsiyası ilə tanış olub.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Konsepsiyaya əsasən, ümumi sahəsi 100 hektar olan kompleksə inzibati, turizm, logistika, istehsal, kommersiya və istirahət parkları daxil ola bilər. Layihə ticarət və logistika əlaqələrinin inkişaf etdirilməsinə, investisiyaların cəlb edilməsinə və yeni iqtisadi imkanlar yaradılmasına yönəlib.

Layihə çərçivəsində 5000-dən çox iş yerinin yaradılması və sərhədyanı ticarətin artması gözlənilir.

Xatırladaq ki, 2025-ci il martın 31-də üç dövlətin prezidentləri qardaş xalqların dostluğunu, sərhəd məsələlərinin həllini və regional əməkdaşlığın yeni mərhələsini simvolizə edən simvolik stelin açılış mərasimində onlayn iştirak etmişdilər.