BAKI, 19 fevral. TELEQRAF

Özbəkistanın “Uzatom” Agentliyinin direktoru A. Axmadxudcayev və Qazaxıstanın Daşkənddəki səfiri B. Atamkulov arasında işgüzar görüş keçirilib.

Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan və Qazaxıstan nüvə enerjisi sahəsində əməkdaşlığının əsas istiqamətləri müzakirə olunub.

Xüsusilə, Cizzax bölgəsində atom elektrik stansiyası layihəsinin həyata keçirilməsi və bölgədə nüvə və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər kadr hazırlığı, elmi tədqiqatlar, radioekoloji monitorinq, ekologiya və su məsələləri üzrə məlumat mübadiləsi və mümkün fövqəladə hallar zamanı sürətli bildiriş və reaksiya mexanizmləri sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. İki dövlət qurumu arasında daimi rabitə kanalının yaradılmasının vacibliyi qeyd olunub.

Tərəflər nüvə enerjisi üzrə birgə təhsil və təcrübə proqramlarının və ekspert məsləhətlərinin hazırlanmasında qarşılıqlı maraqlarını ifadə ediblər.