BAKI, 18 fevral. TELEQRAF

Avropa İttifaqının (Aİ) Rusiyanın neft satışında istifadə etdiyi xarici liman və banklara qarşı sanksiya tətbiq etmək cəhdi bir neçə dövlətin müqaviməti ilə üzləşib. Bu, Brüsselin Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq etmək səylərini zəiflədə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin yazdığına görə, Brüsselin Gürcüstan və İndoneziyadakı limanlarla bağlı planları İtaliya, Yunanıstan, Macarıstan və Maltada ehtiyatlı reaksiya doğurub. Bundan əlavə, İtaliya və İspaniya Kubadakı bir banka qarşı təklif olunan sanksiyalarla razılaşmayıb, çünki adada xarici valyuta ilə işləyən yeganə bank odur və Aİ diplomatları ilə vətəndaşlarına xidmət göstərir. Həmçinin bəzi Avropa ölkələri Rusiya neftinin tədarükü ilə bağlı dəniz xidmətlərinə qadağa ideyasını dəstəkləmir.

Avropa Komissiyası bu çərçivədə Qırğızıstana müəyyən avadanlıqların ixracına qadağa qoyulmasında israr edir. Nəşr bildirib ki, Qırğızıstan bunları Rusiyaya ötürmək üçün alır.

Qeyd edilib ki, Ukraynada müharibə başlayandan bəri Qırğızıstana sanksiyalara məruz qalan texnologiyaların ixracı səkkiz dəfə artıb. Paralel olaraq, mənbələrdən birinin sözlərinə görə, Qırğızıstandan Rusiyaya avadanlıq tədarükü min faiz artıb və Bişkek bu axını dayandırmaq üçün demək olar ki, heç nə etməyib.

Qırğızıstan baş nazirinin birinci müavini Daniyar Amangəldiyev bundan öncə bəyan etmişdi ki, Aİ Bişkekin sanksiya rejimini pozduğuna dair sübutlar təqdim edərsə, Qırğızıstan tədbirlər görməyə hazırdır.

Aİ Rusiyaya qarşı növbəti sanksiya paketini fevralın 24-də qəbul etməyi planlaşdırır. Sanksiyaların Qırğızıstanı da əhatə edə biləcəyi gözlənilir.