BAKI, 12 fevral. TELEQRAF

Qazaxıstanda hazırlanan yeni Konstitusiya layihəsində dövlət başçısının vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılması ilə bağlı mühüm bənd yer alıb.

Teleqraf Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, prezident səhhəti ilə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun vəzifədən azad edilməsi xüsusi prosedur əsasında həyata keçiriləcək.

Layihəyə görə, belə bir vəziyyət yarandıqda parlament deputatlardan və tibb sahəsinin mütəxəssislərindən ibarət xüsusi komissiya yaradacaq. Prezidentin vəzifədən azad edilməsi haqqında yekun qərar həm bu komissiyanın rəyi, həm də Konstitusiya Məhkəməsinin rəsmi rəyi əsasında qəbul ediləcək.

Sənəddə qeyd edilib ki, qərarın qüvvəyə minməsi üçün parlament iclasında deputatların ümumi sayının ən azı dörddə üç hissəsinin (75%) lehinə səs verməsi mütləqdir. Bu dəyişiklik ölkədə fövqəladə hallarda hakimiyyətin ötürülməsi prosesini hüquqi çərçivəyə salmaq məqsədi daşıyır.