BAKI, 6 fevral. TELEQRAF
Avropa İttifaqı (Aİ) Qırğızıstanın modernləşdirilməsi üzrə yeni layihələri dəstəkləməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Şarlott Adrian Qırğızıstan maliyyə nazirinin müavini Nurbek Akjolovla görüşdə bildirib.
“Biz ölkədə aparılan islahatları yüksək qiymətləndiririk və rəqəmsallaşma üzrə yeni sazişi imzalamağa hazırıq”, - o deyib.
Şarlott Adrian təsdiqləyib ki, Aİ Qırğızıstana əsas dövlət sektorlarının yenilənməsində yardımını davam etdirəcək.
Nurbek Akjolov Avropa tərəfdaşlarına təhsil, su təsərrüfatı və rəqəmsallaşdırma sahələrində göstərdikləri dəstək üçün təşəkkür edib. O qeyd edib ki, Qırğızıstan birgə proqramlar üzrə bütün öhdəlikləri vaxtında yerinə yetirir. Hazırda tərəfdaşlar rəqəmsallaşdırma sahəsində yeni maliyyə sazişini razılaşdırma prosesini tamamlamaq üzrədir.
Görüşün sonunda tərəflər tərəfdaşlığı genişləndirməyə və birgə effektiv sosial layihələr həyata keçirməyə dair razılığa gəliblər.