BAKI, 5 fevral. TELEQRAF
Qazaxıstan parlamentinin üzvü, “Respublika” fraksiyasının rəhbəri Aydarbek Xojanazarov ölkənin yeni Konstitusiyasına dair layihənin yenidən işləndikdən sonra referendumuna təqdim edilməsini təklif edib.
Teleqraf xəbər verir ki, o, sənədin kifayət qədər hazır olduğunu bildirib.
“Konstitusiya islahatı ilə bağlı müzakirələr altı aydan çoxdur davam edir. Minlərlə həmvətənimiz çoxsaylı təkliflər verib. Bu təkliflər əsasında peşəkar hüquqşünaslar, müxtəlif sahələrdən olan mütəxəssislər və ictimai xadimlərin uzun və əziyyətli işi nəticəsində yeni Konstitusiyanın layihəsi hazırlanıb”, - Xojanazarov Konstitusiya İslahatları Komissiyasının iclasında deyib.
Deputatın sözlərinə görə, bu, müasir reallıqlara cavab verən və Qazaxıstanın uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edən, dərindən araşdırılmış sənəddir:
“Təkliflərin əksəriyyəti sırf hüquqi xarakter daşıyır. Buna görə də, Konstitusiya Komissiyasının üzvü olaraq, ayrı-ayrı maddələrin mətni dəqiqləşdirildikdən sonra yeni Konstitusiya layihəsinin ümumxalq səsverməsinə çıxarılması təklifini irəli sürmək istərdim”.