BAKI, 2 fevral. TELEQRAF
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketi çərçivəsində ilk dəfə olaraq Qırğızıstana qarşı xüsusi tədbirlər tətbiq etməyi nəzərdən keçirir. Sanksiyalar Ukraynadakı müharibə kontekstində Rusiyaya qarşı genişləndirilmiş tədbirlərin bir hissəsi kimi müzakirə olunur.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik yazıb ki, Qırğızıstan son illərdə Rusiya üçün mühüm ticarət yoluna çevrilib, bəzi Avropa mallarının federasiyaya daxil olması üçün mühüm tranzit nöqtəsi kimi xidmət edib. Bu, Aİ tərəfindən “sanksiyalardan yayınma” mexanizmindən istifadə hesab olunur.
Müzakirə olunan tədbirlər arasında Qırğızıstana müəyyən avadanlıq və radioelektron cihazların ixracına qadağa da var. Bu mexanizm Aİ tərəfindən ilk dəfə üçüncü ölkəyə qarşı istifadə edilə bilər.
Aİ liderləri fevralın 24-dək 20-ci sanksiyalar paketini təsdiqləməyi planlaşdırır. Paketə Rusiyanın neft, bank və digər sektorlarına yönəlmiş yeni məhdudiyyətlər daxildir, amma dəqiq tədbirlər təsdiqlənməyib.