BAKI, 5 yanvar. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birpalatalı parlamentin sədri vəzifəsinə hazırlaşdığı barədə iddiaya cavab verib.
Teleqraf xəbər verir ki, o, yerli KİV-ə müsahibəsində bunun doğru olmadığını bildirib.
“Bu, cəfəngiyatdır. Belə bir fikir mənim siyasi prinsiplərimə ziddir. Dəfələrlə Qazaxıstanın prezident dövləti olduğunu bildirmişəm. Səkkiz il əvvəl, Akordaya gəlməzdən əvvəl “Güclü Prezident - Effektiv Parlament - Hesabatlı Hökumət” konsepsiyasını elan etmişdim. Fərdlərin maraqlarını nəzərə alaraq bütün dövlət sistemini dəyişdirmək tamamilə məsuliyyətsiz, hətta qeyri-insani olardı”, - Kasım-Jomart Tokayev deyib.
Dövlət başçısı ölkə üçün ən vacib olan bütün islahatların ümumxalq referendumuna çıxarılacağını qeyd edib:
“Burada heç bir gizli məqsəd yoxdur. Mənim mövqeyim hamıya məlumdur, siyasi islahatlar davam edəcək. Uzunmüddətli planın bir hissəsi tezliklə açıqlanacaq”.